«Gürcüstandakı seçkidən müəyyən nəticələr çıxarılmalıdı»

«Demokratik seçki keçirilməsi üçün Azərbaycanın daha çox imkanları var»

Azərbaycandakı müxalifət partiyalarının əksəriyyəti Gürcüstandakı prezident seçkisinin keçirilmə şəratini müsbət qiymətləndirirlər. Hətta bəzi müxalifət partiyaları hesab edirlər ki, qonşu ölkədəki son seçkidən həm iqtidar, həm də müxalifət müəyyən nəticələr çıxarmalıdı.


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyir ki, Azərbaycan iqtidarının çıxaracağı nəticə seçkidə demokratik şərait yaradılmasıyla bağlı olmalıdı. Müxalifətə gəlincə, Kərimli hesab edir ki, onlar Gürcüstandakı son prezident seçkisindən bir yox, bir neçə nəticə çıxarmalıdılar. Əvvəla, çalışmalıdılar ki, bu il Azərbaycanda keçriləcək prezident seçkisində müxalifətin birliyinə nail olsunlar və səslərin parçalanması baş verməsin. Əli Kərimlinin fikrincə, Gürcüstanda birləşmiş müxalifətə doqquz müxalif partiyası daxil olsa da, digər müxalif namizədlərin müstəqil şəkildə seçkilərə qoşulması səsləri xeyli parçaladı. AXCP sədri hesab edir ki, bu ilin payızında keçriləcək prezident seçkisində onlar buna yol verməməlidilər.


Əli Kərimliyə görə, onların Gürcüstandakı seçkilərlə bağlı çıxaracağı digər nəticə beynəlxalq təşkilatlarla sıx əmakdaşlıqlıqla bağlıdı. Onun sözlərinə görə, Gürcüstan müxalifəti seçkilərdə ciddi saxtakarlıq olduğunu desə də, beynəlxalq təşkilatlar bunun əksini söyləyirlər. O, hesab edir ki, ya Gürcüstan müxalifəti məsələni şişirdir, ya da səsini beynəlxalq ictimayyətə çatdıra bilmir.


Müsavat Partiyasının başqanı İsa Qəmbər isə gənc Gürcüstan demokratiyasının çətin bir sınaqdan keçməkdə olduğunu düşünür. Amma AXCP sədrindən fərqli olaraq o, qonşu ölkədə keçirilən seçkidən hansısa nəticənin, dərsin götrülməsinin tərəfdarı deyil. İsa Qəmbər deyir ki, əgər hakimiyyətdə siyasi iradə olsa, demokratik seçki keçirilməsi üçün Azərbaycanın daha çox imkanları var.


Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı isə bu məsələyə münasibətinin birmənalı olmadığını deyir. ATƏT-in Müşahidə Misiyası ilə MDB müşahidəçiləri arasında fikir ayrılıqlarının olduğunu deyən Qurbanlıya görə, bu, Gürcüstanda seçkinin gərgin keçməsindən xəbər verir: «Saakaşvilinin qələbəsi ona elə də asan başa gəlmədi».


Mübariz Qurbanlı hesab edir ki, hadisələrin gedişi onu göstərir ki, Gürcüstanda proseslər başa çatmayıb və müəyyən qarşıdurmalar hələ qabaqdadır.