«Saakaşvilinin seçilməməsi Gürcüstanda gərginliyi artıracaq»

«Hadisələrin gedişi Mixail Saakaşvilinin qələbə çalacağını deməyə əsas verir»

«Gürcüstan demokratiya testinin yarısını artıq uğurla həll edib». Gürcüstandakı seçkiöncəsi vəziyyəti təhlil edən politoloq İlqar Məmmədov bu qənaətdədi: «Qalır testin ikinci yarısı. Bu da səs verməkdi...»


Politoloqa görə, əsas problem namizədlərin səsvermənin nəticələrini necə qəbul etmələrindən sonra yarana bilər. İlqar Məmmədov bu mərhələni «siyasi test» adlandırır: «Əgər siyasi qüvvələr qarşı tərəfə uduzduqlarını etiraf etsələr, onda Gürcüstan demokratiya sınağından tam keçəcək».


Məmmədova görə, Gürcüstanda hadisələrin gedişi Mixail Saakaşvilinin qələbə çalacağını deməyə əsas verir. O, hesab edir ki, Saakaşvili demokratiyaya bağlılıq baxımından sınanmış namizəddir və onun növbəti dəfə prezident seçilməsi ölkəsinin inkişafına, Qərbə inteqrasiyasına, NATO-ya üzvlüyünə daha çox xeyir verə bilər. Digər namizədlər barədə isə politoloq bu fikirləri söyləmir: «Digər namizədlərin qələbə çalması ölkədə gərginlik yarada bilər».


Politoloq Rasim Musabəyov da hesab edir ki, Saakaşvilinin seçilməməsi Gürcüstanda gərginliyi artıracaq. Onun sözlərinə görə, ən azından yeni seçilən prezidentin Saakaşvili tərəfdarlarının çoxluq təşkil etdiyi parlamentlə yola getməsi elə də asan olmayacaq. Bu baxımdan bəzi sualların hələ cavabsız olduğunu deyən Musabəyov hesab edir ki, əsas məsələ Gürcüstanda xaosa yol verilməməsidi: «Ona görə ki, bizim bir çox layihələrimiz Gürcüstana bağlıdı. Gürcüstan Azərbaycan üçün Qərbə çıxışdı, Türkiyə ilə bizi bağlayan dövlətdi. Ona görə, Azərbaycana lazımdır ki, Gürcüstanda stabil, götürdüyü beynəlxalq öhdəliklərə əməl edən hökumət olsun».


Rasim Musabəyov hesab edir ki, əslində, kimin prezident seçilməsindən asılı olmayaraq Gürcüstan Azərbaycanla əməkdaşlığa məhkumdu. Politoloq inanmır ki, hansısa namizəd iki ölkəni birləşdirən və həm də öz ölkəsinin iqtisadi inkişafına səbəb olan layihələrin əleyhinə çıxsın.


Rasim Musabəyov düşünür ki, Gürcüstanda vəziyyətin gərginləşməsində daha çox Rusiya maraqlıdı. Ancaq bu marağı həyata keçirəcək qüvvələrin çox az olduğunu deyən politoloq bildirir ki, Rusiyameyilli namizədlərin seçkini udmaq şansları çox zəifdi, bəlkə də heç yoxdu.