AXCP gəncləri «Xəqani-33»də aksiya keçiriblər

2006-cı ildə «Azadlıq» qəzeti və AXCP «Xəqani-33»dən çıxardılıb

AXCP-nin Gənclər Təşkilatının bir qrup üzvü dekabrın 24-də «Xaqani 33»də partiyanın keçmiş mənzil-qərargahı və «Azadlıq» qəzetinin redaksiyası qarşısında etiraz aksiyası keçiriblər.


Fəallar əllərində üzərində «Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidov, onun qardaşı Sakit Zahidovun şəkli və «Azadlıq» qəzetinin ilk nömrəsinin əksi olan plakatlar tutublar.


Toplaşanlar söz azadlığının müdafiəsinə aid şüarlar səsləndirib və həbsdə olan jurnalistlərin azad edilməsini tələb ediblər.


Aksiya 24 dekabr 1989-cu ildə «Azadlıq» qəzetinin ilk nömrəsinin nəşrinin növbəti il dönümünə həsr olunub. Piket bir neçə dəqiqə davam etdikdən sonra polis onun dağıdılması üçün tədbir görüb.


2006-cı ilin noyabrında qəzetin redaksiyası və Xalq Cəbhəsi Partiyası 1992-ci ildən onlara məxsus binadan çıxarılıb. Hazırda həmin ünvanda Hesablama Palatası üçün yeni bina tikiləcək. «Azadlıq» qəzeti «Azərbaycan» nəşriyyatında yerləşdirilsə də, AXCP qərargahla təmin edilməyib. (Turan)