Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində ciddi nöqsanlar aşkarlayıb

Nazirlik özəl tibb müəssisələrinə baxışları davam etdirir

Ciddi nöqsanlara yol vermiş 2 tibb müəssisəsinə («ABU Göz» və «ABU Endo» tibb müəssisələri) verilmiş lisenziya ləğv olunub, 1 müəssisənin («OFKO» Oftalmoloji Kompleks) lisenziyasının fəaliyyəti dayandırılıb, 3-nə isə xəbərdarlıq edilib.


Səhiyyə Nazirliyinin dekabrın 13-də yaydığı açıqlamada belə deyilir.


Nazirlik bildirir ki, qeyri-qanuni fəaliyyət göstərən tibb və əczaçılıq müəssisələri dövlətin vergi siyasətini pozur, büdcəyə ciddi zərər vurur.


Səhiyyə Nazirliyi Bakıda yerləşən və cərrahi profilli xidməti göstərən özəl tibb müəssisələrinə də baxış keçirib.


Mütəxəssislər bir sıra ciddi nöqsan və çatışmazlıqlar aşkar ediblər. «Belə ki, bəzi özəl tibb müəssisələrdə müalicə və müayinə kabinetləri quruluşuna və təchizatına görə sanitariya-gigiyena normalarına cavab vermir. Hətta müəssisələrin birində, cərrahların əməliyyat öncəsi əllərinin yuyulması otağı əməliyyat otağına bitişik sanitar qovşağında həyata keçirilir».


Nazirlik bildirir ki, belə hallar anti-sanitariya əhali arasında yoluxucu xəstəliklərin, QİÇS-in, müxtəlif növ hepatitlərin və s. yayılmasına şərait yaradır.


Nazirlik onu da bəyan edir ki, bir sıra tibb müəssisələrində qadınlarda hamiləliyin «süni pozulması» əməliyyatı da həkimlər tərəfindən gizlədilib və tibbi sənədləşmə aparılmayıb.


Nazirlik özəl tibb müəssisələrinə baxışları davam etdirir.