Mehdiyev əmindir ki, yenə əfv olacaq

Mehdiyev hakimiyyətin Avropa Şurasının tövsiyələrinə yenidən baxmağa hazır olduğunu deyir

«Əfv prezidentin müstəsna səlahiyyətidir. Dövlət başçısı vaxtaşırı bu məsələlərə baxıb və əminəm ki, humanizm prinsiplərinə əsaslanaraq yenə də baxacaq». Bu sözləri jurnalistlərin suallarını cavablandıran Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib. Azərbaycanda həbsdə olan media işçiləri bağlı suala isə Mehdiyevin cavabı belə olub: «Həbsdə olan jurnalistlər peşə fəaliyyətlərinə görə tutulmayıblar. Onlar müəyyən cinayətlər törədiklərinə görə həbs olunublar. Amma məsələ bundadır ki, onlar jurnalistdirlər».


Mehdiyev onu da deyib ki, gələn ilin yazında Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi gözlənilir.


«Azərbaycan hökuməti Avropa Şurası ilə bu məsələyə dair müzakirələri davam etdirir, biz Məcəlləyə müəyyən texniki dəyişikliklərin edilməsini düşünürük» - deyə Mehdiyev bildirib.


Mehdiyevin sözlərinə görə, hakimiyyət Avropa Şurasının tövsiyələrinə yenidən baxmağa, həmçinin demokratik və azad seçkilər keçirməyə hazırdır.