Jurnalistlərin mitinqi dekabrın 22-nə təyin edilib

Meriyanın aksiyanın Bibi-Heybətdə keçirilməsi təklifindən sonra mitinq təxirə salınmışdı

Bu haqda «Azərbaycan Naminə» Forumun rəhbəri Eldar Namazov məlumat verib. Söz azadlığı və jurnalistləri müdafiə İctimai Komitəsinin dekabrın 7-də keçirilən iclasında Namazov bildirib ki, aksiyanı Ukrayna dairəsində keçirmək istəyirlər. «Turan»ın məlumatına görə, bununla əlaqədar artıq meriyaya yeni bildiriş də göndərilib.


Jurnalistlərin mitinqinin dekabrın 8-də keçirilməsi planlaşdırılırdı. Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın Bibi-Heybətdəki stadionda keçirilməsi barədə cavabından sonra mitinq təxirə salındı.


Eldar Namazov bildirir ki, bu təklif qəbuledilməzdir: «Aksiyaların belə yerlərdə keçirilməsi fiziki olaraq mümkün deyil. Bu variantla razılaşsaq, onda gələcəkdə hakimiyyət həmişə mitinq keçirmək istəyənləri belə yerlərə göndərəcək».


Namazov deyir ki, stadionla tanışlıqdan sonra aydın olub ki, orada aksiya keçirmək üçün heç bir şərait yoxdur.