Bakıda polislərə silahlı basqın edən şəxs tutulub

Polis Məmmədovu istintaq əməliyyatları aparılmasından ötrü Bakıya gətirib

Bakının Səbail rayonunun «20-ci sahə» adlanan ərazisində polislərə silahlı basqın edən Xanlar Məmmədov noyabrın 22-nə keçən gecə Gəncə şəhərində tutulub. Bu barədə «Trend»ə Gəncə Şəhər Polis idarəsindən bildirilib.


Noyabrın 21-də Bakının Səbail rayonunda qətl hadisəsi törədilib. Paytaxtın Səbail rayonunun 8-ci polis şöbəsinə daxil olan odlu silahla silahlanmış Xanlar Məmmədov atəş açaraq polis əməkdaşı İmdad Nəzərovu yaralayıb və həmin vaxt məntəqədə olan makler Müslim Cəbrayılovu qətlə yetirib.


Daha sonra o, digər sahə müvəkkili Zakir Sadıqovun evinə gedərək polisi və onun həyat yoldaşını yaralayıb. Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.


Məlumata görə, Gəncə polislərinin axtarış-əməliyyat tədbirləri nəticəsində Məmmədov yaşadığı Gəncə şəhərinə gələrkən tutulub. Onun üzərində «Makarov» tipli tapança aşkar edilib. Məmmədov istintaq əməliyyatları aparılmasından ötrü Bakıya gətirilib.