MTN daha bir silahlının yaxalandığını açıqlayıb

Bəxtiyar Orucov noyabrın 20-də Bakı şəhərində tutulub

Milli Təhlükəsizlik Nazirliyi (MTN) radikal vəhhabi qrupuna aid edilən şəxslərin işi üzrə yeni məlumat yayıb. Qrupun bir üzvü - Kamran Əsədov bir müddət əvvəl hərbi hissəni özbaşına tərk etmişdi, noyabrın 9-da isə saxlanmışdı.


Nazirlikdən «Media forum» saytına verilən məlumata görə, noyabrın 20-də qrupun digər üzvü Bəxtiyar Orucov Bakı şəhərində tutulub. Nazirliyin məlumatına görə, istintaqa ifadəsində B.Orucov etiraf edib ki, həmin qrup ABŞ səfirliyinə qarşı terror aksiyası keçirməyi planlaşdırıb. Məlumata görə, qrup Qobustan qapalı həbsxanasındakı «din qardaşları»nın azad olunması üçün hərbi hissədən silah-sursat oğurlayıb, «Lukoyl» yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib. MTN bildirir ki, tutulan zaman Bəxtiyar Orucov hərbi hissədən oğurladıqları silah-sursatdan özündə saxladığı sonuncu 2 əl qumbarasını da təhvil verib.


Nazirlik ictimaiyyəti əmin edir ki, cəmiyyət əleyhinə hüquqazidd əməllərin qarşısını bundan sonra da alacaq.


Bəxtiyar Orucovdan əvvəl qrupun digər üzvləri Elşən Məmmədov, Vüqar Əliyev, Kamran Əsədov və Fərid Cabbarov tutulublar. Hərbi hissədən qaçmış zabit Kamran Əsədovun özüylə silah-sursat da götürdüyü bildirilirdi. Sonradan həmin silahlardan bəziləri MTN-in Maştağa və İsmayıllıda keçirdiyi əməliyyat zamanı tapılıb.


MTN bildirir ki, ağır cinayət hadisələrinin törədilməsində təqsirləndirilən qrupun 11 üzvü olub və onların hamısı zərərsizləşdirilib.