«Etiraf etməliyik ki, radikal cərəyanların fəaliyyəti güclənir»

Əli Həsənov deyir ki, dövlət olaraq radikal dini cərəyanlara göz yuma bilmərik

«Etiraf etməliyik ki, radikal cərəyanların fəaliyyəti getdikcə güclənməkdədir. Dövlət olaraq buna göz yuma bilmərik».


Bunu Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyir.


O, bəyan edib ki, Azərbaycanda radikal dini cərəyanlara qarşı tədbirlər bundan sonra da davam edəcək.


Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi son vaxtlar bir neçə əməliyyat keçirərək radikal dini qruplara mənsub olan dəstələr tutduğunu, axtarışların davam etdirildiyini bildirib. Hüquq-mühafizə orqanları həmçinin son bir-iki ayda yanacaqdoldurma məntəqələrinə silahlı hücum və onların qarət edilməsində də vəhhabi dini cərəyanına mənsub insanları günahkar bilib.


Əli Həsənov bu hadisələri şərh edərkən noyabrın 9-da jurnalistlərə bildirib ki, bəzi daxili və xarici qüvvələr Azərbaycanda məzhəbçilik, dini qarşıdurma yaratmaq üçün insanları təriqətlərə sövq edən aksiyalar keçirirlər.


Onun fikrincə, radikal dini cərəyanlar ölkədəki tolerantlıqdan, dözümlü mühitdən istifadə edir, vətəndaşların həyat tərzinə ciddi təsir göstərməyə çalışırlar.


«Son vaxtlar hətta bu cərəyanların bəziləri silahlanmağa, ayrı-ayrı qruplar şəklində fəaliyyətə cəhd edirlər, dünyəvi dövlətlərdə belə tədbirlərin qarşısı alınır».


Prezident Aparatının rəsmisi onu da deyib ki, Azərbaycanda vətəndaşların dini inancından kimlərinsə siyasi və iqtisadi məqsədlər üçün istifadə etməsinə imkan verilməyəcək.