Polkovnik-leytenant xüsusi əməliyyat zamanı həlak olub

Polkovnik-leytenant Namiq Musayev

Daxili İşlər Nazirliyinin (DİN) noyabrın 4-nə keçən gecə Cəlilabad rayonunun Şatırlı kəndində keçirdiyi xüsusi əməliyyat zamanı polis polkovnik-leytenantı Namiq Musayev aldığı güllə yarasından həlak olub.


Nazirliyin noyabrın 5-də yaydığı məlumatda deyilir ki, «əməliyyat zamanı İran və Azərbaycan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri polis əməkdaşlarına silahlı müqavimət göstərərək avtomatlardan atəş açıblar. Görülmüş adekvat tədbirlərlə həmin dəstənin üzvlərindən biri yaxalanıb və ondan 6 kiloqram heroin götürülüb».


DİN həmin dəstənin satış məqsədilə respublikaya küllü miqdarda narkotik vasitə gətirdiyini bildirir.


Nazirlik məlumatında daha sonra bəyan edir ki, bu ilin son on ayı ərzində 90 kiloqramdan çox narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb, təqsirkar şəxslərdən xeyli sayda silah-sursat götürülüb.