«Departamentin reaksiyasından təəccübləndik»

«Azərbaycan hökumətinin siyasəti ölkədə sülh və demokratiyanın irəli aparılmasına əsaslanır»

«Dövlət Departamentinin Eynulla Fətullayevin həbsinə reaksiyasından təəccübləndik».


Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 2-də yaydığı şərhdə belə deyilir. Nazirlik bildirir ki, Fətullayevə ölkə qanunvericiyinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərarıyla cəza kəsilib.


Şərhdə daha sonra bildirilir ki, E.Fətullayevin həbsinin anti-terror qanunları altında əslində söz azadlığına təhlükə olması barədə deyilənlər yanlışdır: «Bəli, Azərbaycan terrorla mübarizə məsələsinə çox ciddi yanaşır və anti-terror koalisiyasının üzvüdür. Azərbaycan hökumətinin siyasəti ölkədə sülh, demokratiya və çiçəklənmənin irəli aparılmasına əsaslanır. Və bu məntiqi seçimdir».


Noyabrın 1-də ABŞ Dövlət Departamentinin sözçüsü Tom Keysi deyib ki, Eynulla Fətullayev barəsində çıxarılan yeni hökm Azərbaycan hakimiyyətinin «tənqidin səsini kəsməyə və azad sözü boğmağa yönəlmiş hərəkətidir».


Keysi eyni zamanda Azərbaycan hökumətini azad mətbuata hörmətlə yanaşmağa və müstəqil medianın inkişafını dəstəkləməyə çağırıb.


Oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə E.Fətullayev terrora çağırış, milli ədavəti qızışdırmaq və vergidən yayınmada təqsrkar bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Bir sıra beynəlxalq təşkilatlar jurnalistin həbsini pisləyib.