Türkiyə PKK-nı dəstəkləyənlərə qarşı sanksiyalara başlayıb

Türk ordusu İraqla sərhəddə möhkəmlənməkdədir

Türkiyə hökuməti PKK-ya qarşı sanksiyaları nəzərdə tutan qərara qəbul edib. Türkiyə baş nazirinin müavini Cəmil Çiçək deyib ki, söhbət eyni vaxtda PKK və onun tərəfdarlarına qarşı hərbi, siyasi və iqtisadi tədbirlərdən gedir.


Türkiyə hökuməti elan edib ki, bu tədbirdən məqsəd separatçıları zəiflətməkdir. Şimali İraq ərzağın və elektrik enerjisinin 10 faizini Türkiyədən alır.


Ankara Şimali İraqda hərbi əməliyyatlar aparacağını bəyan edir və bildirir ki, Türkiyəyə basqınlar edən PKK yaraqlıları bu ərazidə yerləşirlər.


Amerika və İraq kürd üsyançılarına qarşı mübarizədə Türkiyəyə daha çox kömək vəd ediblər. Pentaqonun mətbuat katibi Ceff Morrel deyib ki, Amerika çalışır ki, kürd üsyançılarının sərhəddəki hərəkətləri barədə kəşfiyyat məlumatları verməklə Türkiyəyə yardım etsin.


İraqın Xarici İşlər naziri Hoşyar Zebari söz verib ki, ölkənin şimalındakı yoxlama-keçid məntəqələrindən kürd üsyançılarına yanacaq, ərzaq və başqa malların keçirilməsini dayandıracaq.


Türkiyə isə İraqla sərhəddə möhkəmlənməkdədir, İraqdakı kürd yaraqlılarına qarşı əməliyyata hazırlaşır. Vaşinqton və Bağdadda ehtiyat edirlər ki, Türkiyə əməliyyata başlasa regionda sabitlik pozular.