Türkiyə parlamenti İraqın şimalına ordu yeridilməsinə icazə verdi

ABŞ Türkiyənin İraqın şimalına müdaxiləsinə qarşı çıxır

Türkiyə parlamenti orduya İraqın şimalında kürd separatçılarına qarşı əməliyyat aparmağa icazə verib.


Oktyabrın 17-də Türkiyə Böyük Millət Məclisi (TBMM) belə bir qərar qəbul edib. Qərara əsasən, icazə bir illiyə nəzərdə tutulur. Məlumatı «Reuters» Agentliyi yayıb.


Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan deyib ki, parlamentin qərarı dərhal əməliyyata başlanması demək deyil.


Oktyabrın 15-də Ərdoğan hökuməti Şimali İraqda kürd separatçılarına qarşı hərbi əməliyyatlara icazə üçün TBMM-yə sorğu göndərmişdi.


ABŞ Türkiyənin İraqın şimalına müdaxiləsinə qarşı çıxır. Vaşinqton xəbərdarlıq edir ki, hərbi əməliyyat İraqın nisbətən sakit regionunda vəziyyəti pisləşdirə bilər. Durumu kəskinləşdirən odur ki, Ankara ilə Vaşinqton arasında son günlər münasibətlər pisləşib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin kütləvi soyqırımı iddialarını dəstəkləyib.


İraqın şimalındakı kürd hökumətinin rəsmi nümayəndəsi Camal Abdalla «BBC»yə müsahibəsində deyib ki, onun hökuməti Kürd Fəhlə Partiyası (PKK) ilə əməkdaşlıq etmir: «Biz PKK-ya yardım etməmişik və etmirik».


BMT-nin Qaçqınların İşləri üzrə Agentliyinin rəhbəri Antonio Qutyerres isə narahatlıq ifadə edib ki, Türkiyənin mümkün hərbi əməliyyatları insanların İraqın şimalından kütləvi axınına səbəb ola bilər. Və ümumilikdə, regionda vəziyyətin ciddi pisləşməsinə gətirib çıxara bilər.