Vilnüsdə enerji sahəsində əməkdaşlığa dair müqavilə imzalanacaq

Odessa-Brodı-Plostk-Qdansk neft kəməri üçün məsul şirkət yaradılacaq

Oktyabr 10-da Vilnüsdə Azərbaycan, Litva, Gürcüstan, Ukrayna və Polşa prezidentləri enerji sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalayacaqlar. Bu barədə Litvanın Bakıdakı səfirliyindən məlumat veriblər.


Litvada bu gündən başlayan sammit mayın 11-də də Krakovda keçirilmiş sammitin davamı sayılır. Həmin vaxt beş prezident və Qazaxıstan nümayəndəsi Krakovda enerji əməkdaşlığı və Xəzər regionunda karbohidrogen resursların Avropaya çıxarılması məsələsini müzakirə etmişdi.


Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas deyib ki, səylər Avropanın enerji asılılığının azaldılmasına yönəlib. Bu məqsədə Xəzər və Qara dəniz hövzələrini Baltik dənizi regionu ilə birləşdirən enerjidaşıyıcıları marşrutlarının və mənbələrin çoxaldılması ilə nail olunacaq.


Səfir deyib ki, söhbət Odessa-Brodı-Plostk-Qdansk marşrutundan, həmçinin yeni qaz nəql edəcək marşrutların inkişaf etdirilməsindən gedir. O, bildirib ki, sammitin nəticəsi olaraq Odessa-Brodı-Plostk-Qdansk neft kəmərinə məsul şirkətin yaradılması üzrə sənədlərin imzalanması gözlənir.


Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, konfransın gedişində 2 sənədin imzalanması planlaşdırılır. Həmin sənədlər 2 enerji layihəsinin həyata keçirilməsinə start verə bilər. Bunlardan biri Litvayla Polşa arasında enerji körpüsünün yaradılması, o birisə Odessa-Brodı-Plotsk neft boru kəməri ilə bağlı müqavilədir.


Neft Araşdırmaları Mərkəzini rəhbəri İlham Şaban deyir ki, Azərbaycan prezidentinin bu konfransda iştirak edib planlaşdırılan sənədlərə imza atması o demək deyil ki, Azərbaycan birbaşa burda iştirak edəcək.


Azərbaycan Neft Şirkətinin rəhbərliyi bir neçə dəfə bildirib ki, Azərbaycan bu layihəyə qatılmaqla öz dəstəyini verəcək.


Tədbirin təşkilatçısı Litva Xarici İşlər Nazirliyi, Litva Strateji Tədqiqatlar Mərkəzi və Amerikanın Hudson İnstitutudur. Konfrans çərçivəsində ekspertlərin və enerji məsələləri təmsilçilərinin iştirakı ilə forum da keçiriləcək.


Konfransın ikinci günündə Azərbaycan prezidenti «Enerji bazarının genişləndirilməsi məqsədilə Xəzər və Qara dəniz regionları ilə əməkdaşlığın inkişafı» mövzusunda məruzəylə çıxış edəcək.