«Prezident seçkilərinə qədər üç məsələ həll olunmalıdır»

Herkel bu həftə Milli Məclisin sədri Oqtay Əsədovla müzakirələr aparacaq

Oktyabrın 2-də Strasburqda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin iclasında Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icra vəziyyəti müzakirə edilib. Məsələni komitənin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel qaldırıb.


A.Herkel «Turan» agentliyinə açıqlamasında bildirib ki, o, komitənin Parisdə keçirilən keçən iclasında müzakirə edilən məsələləri qaldırıb: Seçki Məcəlləsinin və «Sərbəst toplaşmaq azadlığı» haqqında qanunun təkmilləşdirilməsi, jurnalistlərin həbs olunması və siyasi məhbuslar problemi:


«Biz ümid edirik ki, Azərbaycan hakimiyyəti Venesiya Komissiyası ilə əməkdaşlıq edərək, nəhayət, bu qanunlara düzəlişlər edəcək. Seçki öncəsi demokratik mühitin yaradılması üçün həmçinin jurnalistləri və siyasi məhbusları azad etmək lazımdır».


Bu məsələləri Herkel bu həftə (oktyabrın 3-5-də) Strasburqa gedəcək Milli Məclisin sədri Oqtay Əsədovla da müzakirə edəcək.


Azərbaycanda hakimiyyət nümayəndələrinin və QHT təmsilçilərinin iştirakı ilə formalaşdırılmış məhbus problemləri üzrə İşçi Qrupun fəaliyyətinin zəiflədiyini deyən Herkel bundan narahatlığını ifadə edib: «Bu qrup nadir hallarda toplaşır və onun işinin nəticələri görsənmir».


A.Herkelin sözlərinə görə, ümumilikdə, prezident seçkilərinə qədər Azərbaycanda üç məsələ həll olunmalıdır: seçki qanunvericiliyi dəyişdirilməli, sərbəst toplaşmaq azadlığı təmin olunmalı, jurnalistlər və siyasi məhbuslar azad edilməlidir.