«Sərhədsiz reportyorlar» jurnalisti azad etməyi tələb edir

«Sərhədsiz reportyorlar» bildirirlər ki, jurnalistin saxlandığı yer hələ də dəqiq məlum deyil

«Sərhədsiz reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatı Azərbaycan hakimiyyətindən Naxçıvanda həbs edilmiş «Yeni Müsavat» qəzetinin regional müxbiri Həkimeldostu Mehdiyevi azad etməyi tələb edir. Bu haqda «Turan» İnformasiya Agentliyi məlumat yayıb.


«Biz həmçinin Milli Təhlükəsizlik Nazirliyini Mehdiyevin ailəsinin təqibini dayandırmağa çağırırıq», - deyə həbs edilmiş jurnalistin qardaşlarına məxsus ticarət obyektlərinin bağlanması ilə əlaqədar təşkilatın press-relizində deyilir.
Sənəddə həmçinin bildirilir ki, jurnalistin həbsi onun MTN bölməsində tənqidi məqalələr yazmağa son qoymaq tələbi ilə döyülməsindən sonra baş verib.


Mehdiyev məhkəmə-tibbi ekspertizasından keçmək istədikdə isə onu polis aparıb, ardınca isə 15 gün müddətinə həbs edilib. Bu zaman onu polisə müqavimət göstərməkdə ittiham ediblər.
«Sərhədsiz reportyorlar» bildirirlər ki, jurnalistin saxlandığı yer hələ də dəqiq məlum deyil və onun vəkili yoxdur.