Cənubi Qafqazda biznes üçün ən pis mühit Azərbaycandadır

Siyahıya Sinqapur başçılıq edir

Dünya Bankının «Doing Business 2008» adlı hesabatında biznes mühitinin asanlığı üzrə reytinq cədvəlində Azərbaycan 178 ölkə arasında 96-cı yerdədir, Ermənistan 39-cu yerdə qərarlaşıb. Gürcüstan isə 18-ci sırada dayanır. Birləşmiş Ştatlar 3-cü yerdədir. Siyahıya Sinqapur başçılıq edir. Sahibkarların fəaliyyət göstərməsi üçün ən pis şərait Konqoda qeydə alınıb.


Dünya Bankı bildirir ki, Gürcüstan ən çox islahat aparan birinci onluqdadır. Gürcüstan xarici sərmayəçilərin müdafiəsini təkmilləşdirib. Hesabatda vurğulanır ki, Azərbaycan, Qvatemala və Mozambik kimi islahatçı hökumətlər Gürcüstanın təcrübəsini öyrənirlər.


«Doing Business» hökumətlərin islahatlarını mənfi və müsbət nəticə verməsinə görə iki qrupa ayırıb. Azərbaycanın ancaq biznesə başlamaq istiqamətində islahatları müsbət effekt verib. Gürcüstan isə hesabatın beş qiymətləndirmə göstəricisindən dördü üzrə səmərəli islahat aparıb.


İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, hesabat reallığı əks etdirmir. Nazirlik rəsmisinin sözlərinə görə hökumət biznes mühitini yaxşılaşdırmaq üçün tədbirlər görür.