Bakının 10-dan çox qəsəbə və kəndinin işığı kəsilib

Qəsəbələrə yalnız haqqı ödənildikdən sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq

«Bakıelektrikşəbəkə» Bakının 10-dan çox qəsəbə və kəndinə verilən elektrik enerjisini dayandırıb.


Şəbəkənin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şəhərətrafı qəsəbə və kəndlərin əhalisi işıq pulunu vermək istəmir.


«Artıq məhəllə-məhəllə elektrik xətlərinin açılmasına başlanıb. Yalnız borcu olan abonentlərin işığını kəsirik. Məsələn, Türkan qəsəbəsində yaşayan abonentlər ay ərzində işlətdikləri enerjinin cəmi 4, Kürdəxanı sakinləri isə 3 faiz işıq pulu ödəyiblər».


Tanrıverdi Mustafayev deyir ki, yalnız haqqı ödənildikdən sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.