Meriyanın idarə rəisinin həbsi barədə məlumat təsdiqləndi

Bina uçması ilə bağlı Baş Prokurorluğunun həbs etdiyi şəxslərin sayı 5-ə çatdı

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin rəisi Akif Məhərrəmovun saxlanılması barədə məlumat rəsmi olaraq təsdiqlənib. Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev APA-ya bildirib ki, A.Məhərrəmova qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ittiham irəli sürülüb.


A.Məhərrəmov sentyabrın 4-də saxlanılıb, Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.


Qeyd edək ki, onun həbs olunması haqqında dünən APA hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Mənbə bildirib ki, A. Məhərrəmovun saxlanılmasına Yasamal rayonu Murtuza Muxtarov küçəsi, 185 ünvanında yeni inşa olunan hündür mərtəbəli binanın uçması ilə bağlı aparılan istintaq çərçivəsində qərar verilib. Məlumata görə, Bakı Şəhər Mənzil Kooperativ Təsərrüfatı İdarəsi yeni tikililərdəki mənzillərə order vermək səlahiyyətinə malikdir.


A.Məhərrəmovun saxlanılması ilə bu işə görə həbs olunanların sayı 5-ə çatıb. Buna qədər binanı inşa edən «Mütəfəkkir» MTK-nın baş direktoru Əli Muradov, baş mühəndis Əsgər Əliyev, iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov saxlanılmış, onların barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.