Eynulla Fətullayevə qarşı yeni ittiham irəli sürülüb

Eynulla Fətullayev ifadə verməkdən və istintaq materialları ilə tanış olmaqdan imtina edib

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı terrorçuluqla hədələmə, həmçinin, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyi qızışdırma maddələri üzrə istintaqa yekun vurulub.


Bu barədə APA-ya E.Fətullayevin vəkili Aydın Nəzərli bildirib. Vəkil deyib ki, müdafiə etdiyi şəxsə vergi ödəməkdən yayınmaqla külli miqdarda gəlir əldə etmək maddəsi ilə də ittiham irəli sürülüb. Jurnalist bu ittihamla bağlı ifadə verməkdən imtina edib.


Vəkil deyib ki, istintaq E.Fətullayevin evində axtarış aparılan zaman 7-62 kalibirli 1 ədəd dolu, 1 ədəd boş avtomat patronu və artilleriya mərmisinin bir ədəd qəlpəsinin aşkarlanması faktına görə, ona qarşı qanunsuz silah saxlama maddəsi ilə irəli sürmək istədiyi ittihama sonradan xitam verib.


Vəkilin sözlərinə görə, jurnalist istintaqı qeyri-obyektiv hesab etdiyi üçün ifadə verməkdən və istintaq materialları ilə tanış olmaqdan imtina edib: «O, mənə də istintaq materialları ilə tanış olmağa qadağa qoydu».


Vəkil deyib ki, müdafiə tərəfinin istintaq materialları ilə tanışlıq müddəti başa çatan kimi iş təsdiqlənmək üçün prokurorluğa göndəriləcək.