Bu vaxta kimi heç bir abituriyentin apellyasiya şikayəti təmin edilməyib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı Elnur Nağızadə

Bu vaxta kimi heç bir abituriyentin apellyasiya şikayəti nəticəsində ali məktəbə bərpası təcrübəsi olmayıb. Bunu «Azadlıq» radiosuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı Elnur Nağızadə deyib. Onun sözlərinə görə, mübahisəli məqamlar adətən cavablar çıxana qədər həll olunur.


Avqustun 15-dən TQDK-nın ali məktəblərin bakalavr və magistr pilləsinə keçirilən qəbul imtahanları ilə bağlı apellyasiya komissiyaları fəaliyyətə başlayır.


Apellyasiya komissiyaları şikayətlərə 1-ci qrup üçün Qafqaz Universitetində və Beynəlxalq Universitetdə, 2-ci qrup üçün Bakı Biznes Universitetində, 3-cü qrup üçün Bakı Dövlət, Mədəniyyət və İncəsənət, Odlar Yurdu universitetlərində, 4-cü qrup üçün Avrasiya Universitetində, rus bölməsi və magistraturayla bağlı şikayətlərə isə TQDK-nın binasında baxılacaq.


Apellyasiya komissiyalarında TQDK-nın əməkdaşlarından və mütəxəssis müəllimlərdən ibarət işçi qrupları fəaliyyət göstərir.


Şikayətlərə avqustun 20-ə kimi baxılacaq.