Mal-qara arasında yoluxucu xəstəlik yayılıb

İri buynuzlu mal-qaranın 0,14, xırda buynuzluların isə 0,45 faizi brusselyoza tutulub

Azərbaycanın bəzi rayonlarında mal-qara arasında yoluxucu brusselyoz xəstəliyinin yayıldığı bildirilir. Dövlət Baytarlıq İdarəsinin sözçüsü Yolçu Xanvəli «Azadlıq» radiosuna deyib ki, bu xəstəliyə qarşı mübarizə tədbirlərini gücləndirilib. Onun sözlərinə görə, bu infeksion xəstəlik xroniki olduğundan ona rast gəlmək adi haldır.


Yolçu Xanvəli deyir ki, ötən illərlə müqayisədə bu il iri buynuzlu mal-qaranın 0,14, xırda buynuzluların isə 0,45 faizi brusselyoz xəstəliyinə tutulub.


2002-2003-cü illərdə Azərbaycanda 800 qədər adam bu xəstəliyə tutulub. Baytarlıq İdarəsinin rəsmisi bildirir ki, bu il bu göstərici 50 faizə qədər azalıb. Onun sözlərinə görə bu, heyvanlar arasında brusselyozun yayılmasının qarşısının xeyli alındığına dəlalət edir.


Sözügedən infeksion xəstəlik insana adətən çiy süd məhsullarından keçir.