Fərəməz Novruzoğlu beş gündə 17 kiloqram arıqlayıb

Jurnalist bu il yanvarın 30-da iki il müddətinə azdlıqdan məhrum edilib

«Nota-Bene» qəzetinin redaktoru Fərəməz Novruzoğlunun səhhəti pisləşib. İyulun 20-dən aclıq edən redaktorun çəkisi 79 kq-dan 62 kq-a enib. Bunu iyulun 25-də Fərəməz Novruzoğlu ilə görüşən qardaşı Qurban Allahverdiyev deyir. O, «Azadlıq» radiosuna bildirib ki, qardaşı həqiqətən də ağzını tikib və ailə üzvlərinin təkidinə baxmayaraq tələbləri yerinə yetirilməyənədək aclığı dayandırmayacağını deyib.


Redaktor ilk növbədə ona müxalifət və müstəqil mətbuatı oxumasına icazə verilməsini, yazdığı məqalələrin mətbuatda dərcinə imkan yaradılmasını, bu yolla qonorar alaraq ailəsini dolandırmasını istəyir. Eyni zamanda, o, beynəlxalq təşkilatların nümayəndələri və İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşməyi və onların iştirakı ilə yanvarda olmuş məhkəmə işinə yenidən baxılmasını tələb edir. Jurnalist bu tələbləri yerinə yetirilmədiyi halda isə vətəndaşlıqdan imtina etmək niyyətindədir.


Ədliyyə Nazirliyi yanında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Rafiq Ramazanov bir gün əvvəl məhbusun aclıq etdiyini təsdiqləmiş, amma onun tələblərinin Baş İdarəyə çatdırılmadığını demişdi.


Fərəməz Novruzoğlu bu il yanvarın 30-da iki il müddətinə azdlıqdan məhrum edilib. O 147 (böhtan) və 148 (şərəf və ləyaqətin alçaldılması) maddələri ilə təqsirli bilinib.