«Jurnalistlərin həbsinə yol açan qanunvericiliyə dəyişiklik olunmalıdır»

Piter Semnebi Azərbaycanda jurnalistlərin həbsindən narahat olduğunu bildirib

Azərbaycanda iki günlük səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ölkə rəhbərliyi ilə görüşündə həbsdə olan 7 jurnalistin azad olunmasıyla bağlı müzakirə aparıb. Bu barədə iyulun 21-də keçirdiyi mətbuat konfransında açıqlama verən cənab Semnebinin sözlərinə görə, onlar Azərbaycanda jurnalistlərin həbsindən narahatdırlar və hesab edirlər ki, jurnalistlərin həbsinə yol açan qanunvericiliyə dəyişiklik olunmalıdır.


«Biz tövsiyə etdik ki, təhqirə və böhtana görə jurnalistlər cinayət məsuliyyətinə cəlb olunmasın. Mülki məsuliyyət tətbiq edilsin».


Piter Semnebi ümid edir ki, tezliklə jurnalistlərin azadlığa buraxılmasıyla bağlı məsələ öz həllini tapacaq.


Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir. Beynəlxalq insan hüquqları təşkilatları onların dərhal azadlığa buraxılmasını tələb edirlər.