Bakı polisinin 4 idarə rəisi işdən çıxarıldı

İyulun 20-də nazir Ramil Usubov Bakı şəhər Baş Polis İdarəsində müşavirə keçirib

İyulun 20-də Bakı şəhər Baş Polis İdarəsinin dörd idarə rəisi vəzifədən azad edilib. İdarədə daxili işlər naziri Ramil Usubovun iştirakı ilə müşavirə keçirilib.


Kadrlar İdarəsinin rəisi, polkovnik Hacı Mahmudov, Narkobizneslə Mübarizə İdarəsinin rəisi, polkovnik Natiq Nağıyev, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi, polkovnik Aydın Rzayev və Operativ Əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Saleh Ələkbərov vəzifədən azad ediliblər. Onların işində ciddi nöqsanlara yol verdiyi bildirilir.


Daha 11 vəzifəli şəxs işdə nöqsanlara görə müxtəlif tənbehlər alıb.


Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.


Əməliyyat müşavirəsində Baş İdarədə aparılmış yoxlamanın nəticələri də müzakirə olunaraq son 3 il 6 ay ərzində yol verilmiş nöqsanlar diqqətə çatdırılıb.


Müşavirənin sonunda Baş İdarənin rəis müavini, polis general-mayoru Yaşar Əliyev paytaxt polisinin şəxsi heyəti adından çıxış edib. O, idarənin fəaliyyətində aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılacağına söz verib.