ÜTT-yə üzvlüyə inhisar, qiymət tənzimlənməsi və qanun mane olur

Azərbaycan nümayəndə heyəti may-iyun aylarında Cenevrədə görüşlər keçirib

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ölkədaxili qanunvericiliyin qurumun tələblərinə uyğunlaşdırılmadığı üçün yubanır. Bunu iyulun 6-da Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev jrunalistlərlə söhbətində deyib. O, bildirib ki, bu yöndə hazırlanan fəaliyyət planında 40-dan artıq qanunverici aktın, normativ sənədin dəyişdirilməsi nəzərdə tutulur:


«Əfsuslar olsun ki, bu məsələdə ləngimə var. İyunun sonuna kimi bu proses başa çatdırılmalıydı. Bəzi qanunverici layihələr hazırlanıb, dövlətdaxili prosedurdan keçir. Bizə iradlardan biri də budur ki, ləngiyirik».


ÜTT-yə üzvlüklə bağlı Azərbaycan nümayəndə heyəti may-iyun aylarında Cenevrədə görüşlər keçirib. Mahmud Məmmədquliyev deyir ki, görüş zamanı qarşı tərəfi təmin etməyən monopoliya, qiymətlərin tənzimlənməsi kimi məsələlərdə Azərbaycanın cavablarının tam və dolğun olmaması olub:


«Sentyabra qədər bu sahədə Azərbaycan ciddi iş apararsa, işçi qrupun ilin sonuna kimi görüşü keçirilə bilər».