Gəncədə çörəyin qiyməti qalxıb

Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki, unun bahalanmasına heç bir əsas yoxdur

Gəncənin bir çox ərzaq mağazalarında çörəyin qiyməti qalxıb. Belə ki, 20 qəpiklik çörəyin qiyməti artıq 30 qəpik olub. Un istehsalçısı «Fatoğlu» və bir neçə iri çörək istehsalcısı fəalliyyətini dayandırmaq ərəfəsindədir. «Fatoğlu» şirkətindən «Azadlıq» radiosuna verilən məlumata görə, müəssisənin taxıl ehtiyatı tükəndiyindən, ölkədə isə taxılın qiyməti qalxdığından onlar istehsalı kəskin şəkildə azaldıblar, un satışını isə dayandırıblar.


«Fatoğlu»nun baş mühasibi İlham Xəlilov bildirir ki, onlar Rusiyada və Qazaxstanda taxıl istehsalçılarıyla danışıqlar aparırlar. Əgər taxılı ötənilki qiymətlərdən baha alsalar, bu, unun və çörəyin qiymətinə də təsir edəcək.


Kənd Təsərrüfatı Nazirliyindən isə bildirirlər ki, ölkədə unun bahalanmasına heç bir əsas yoxdur və hökumətin qiyməti süni şəkildə qaldıranlara qarşı sanksiya tətbiq edəcəyi gözlənir.