AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycandakı vəziyyət müzakirə olunacaq

Azərbaycanın ictimaiyyət nümayəndələri Avropa Şurasına ünvanlanmış müraciət hazırlayıb

İyunun 28-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsində Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olunacaq.


Bu barədə «Azadlıq» radiosuna «Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov məlumat verib. Onun sözlərinə görə, onun və bir neçə QHT təmsilçisinin Monitorinq Komitəsinin üzvləriylə apardığı danışıqlardan sonra bu qərar verilib. Cənab Namazov bildirir ki, görüşlərdə Azərbaycanda mətbuata təzyiqlər, jurnalistlərin həbsi, o cümlədən, siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığının pozulması və Seçki Məcəlləsinə tələb olunan dəyişikliklər müzakirə predmeti olub.


Strasburqda bir sıra görüşlər keçirən Azərbaycanın ictimaiyyət nümayəndələri Avropa Şurasına ünvanlanmış müraciət də hazırlayıb. Namazov deyir ki, onlar xahiş edirlər ki, Avropa Şurası Parlament Assambleyasının gələcək plenar iclaslarının birində Azərbaycanın öhdəlikləri araşdırılsın:


«Həmin öhdəliklər yerinə yetirilməsə, 2008-ci ildə Azərbaycanda azad və ədalətli prezident seçkisi keçirilməyəcək. Ümumiyyətlə isə AŞ PA-nın Azərabycanla bağlı bir strategiyası olmalıdır. Biz də həmin müraciətdə bunu təklif edirik».