AXCP ADP-nin qərargahındakı müvəqqəti ofisini tərk edir

Ötən ilin noyabrında AXCP Xaqani küçəsi -33-dəki ünvandan çıxarılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Azərbaycan Demokratik Partiyasının mənzil-qərargahındakı müvəqqəti ofisini tərk edir.
AXCP-nin sədr müavini Həsən Kərimovun «Turan»a verdiyi məlumata görə, buna «Hürriyət» qəzetində AXCP sədri Əli Kərimli haqqında dərc olunmuş son «əxlaqazidd» nəşrlər səbəb olub.


AXCP və ADP-nin yerləşdikləri bina «Hürriyət» qəzetinə məxsusdur. H.Kərimovun sözlərinə görə, bu qəzetdə AXCP sədri haqqında dərc olunan xoşagəlməz məqalələr partiya üzvlərinin qəzəbinə səbəb olur. Arzuolunmaz qarşıdurmadan qaçmaq üçün bu binanı tərk etmək qərarına gəlinib.


Kərimovun dediyinə görə, yeni ofis tapılana qədər partiyanın rəhbər orqanlarının iclasları «müxtəlif yerlərdə» keçiriləcək.


AXCP ilk dəfə ofisindən 1994-cü ildə çıxarılıb. Bundan sonra partiyanın mənzil-qərargahı Xaqani küçəsi-33-də «Azadlıq» qəzetinin redaksiyasında yerləşib. Ötən ilin noyabrında «Azadlıq» qəzeti, AXCP və bir sıra digər təşkilatlar bu binadan çıxarılıblar.