Əli İnsanovun Akademiyaya qarşı iddiasına iyunun 27-də baxılacaq

Vəkili Əli İnsanov akademik adının ləğv olunmasını qeyri-qanuni hesab edir

Keçmiş Səhiyyə Naziri Əli İnsanovun Milli Elmlər Akademiyasına (MEA) qarşı iddiası ilə bağlı məhkəmə hazırlıq iclası iyunun 27-nə qədər təxirə salındı. İddiaya baxan Səbail Rayon Məhkəməsinin hakimi Yusif Kərimov bunu Milli Elmlər Akademiyasının Əli İnsanovun bu qurumdan xaric edilməsi ilə bağlı qərarın protokolunu və başqa sənədləri onlara təqdim etməməsi ilə izah etdi.


MEA-nın Rəyasət Heyətinin mayın 5-də çıxartdığı qərar ilə Əli İnsanov bu qurumun həqiqi üzvlüyündən (akademiklikdən) xaric edilib. Akademiyanın nümayəndəsi Sabir Qədirov məhkəməyə sənədləri təqdim edə bilməmələrini vaxt azlığı ilə izah etdi.


Hazırlıq iclasında hakim Yusif Kərimov Əli İnsanovun da məhkəməyə gətirilməsi ilə bağlı onun vəkilin vəsatətinə baxaraq təmin etmədi. Hakim dedi ki, həm Əli İnsanovun müraciəti onlara çatmayıb, həm də indi buna ehtiyac yoxdur.


Vəkil Ağaveys Şahverdi isə hesab edir ki, bəzi «gözəgörünməz qüvvələr» Əli İnsanovun prosesə qatılmasına mane olur. Üstəlik onun sözlərinə görə hakim hazırlıq iclasına təxirə salmaqdansa, məhkəmə baxışını təyin edə bilərdi. O vaxta qədər də MEA-ya məhkəməyə bütün sənədləri təqdim etmək üçün vaxt verilə bilərdi.


Ağaveys Şahverdi deyir ki, Əli İnsanovun Akademiyanın həqiqi üzvlüyündən xaric edilməsi qanunsuz qərar olduğundan ləğv edilməlidir. Onun sözlərinə görə, bu qərar Əli İnsanrov haqda çıxarılan hökm qüvvəyə minməmiş verilib.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin aprelin 20-də çıxartdığı qərarla Əli İnsanov dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərini aşmada və s-də təqsirli bilinərək, 11 il azadlıqdan məhrum edilib.