NATO Rusiyanı sakitləşdirmək istəyir

NATO rəsmisi hesab edir ki, Putinin təşəbbüsü gərginliyi azaltmaq üçün atılmış addımdır

İyunun 14-də Brüsseldə NATO müdafiə nazirlərinin illik görüşü işə başlayıb. Görüşdə Rusiya ilə ABŞ arasında raketdən müdafiə sistemi ilə bağlı son vaxtlar yaranmış gərginlik müzakirə olunur. Təşkilatın sözçüsü Ceyms Apaturay deyib ki, müdafiə nazirlərinin ilkin müzakirələrindən sonra belə məlum olub ki, NATO ABŞ-ın raketdən müdafiə planının Rusiya üçün tamamilə aydın olmasını istəyir.


O, bildirib ki, NATO nazirləri gərginliyə yol verməməyə və Rusiyanı sakitləşdirmək üçün mümkün olan hər şeyi etməyə tərəfdardır. Rusiya prezidenti Vladimir Putin ötən həftə vəziyyətdən çıxış yolu kimi ABŞ-a Azərbaycandakı Qəbələ RLS-dən şərikli istifadə etməyi təklif etmişdi. Ceyms Apaturay Putinin bu təşəbbüsünü gərginliyi azaltmaq istiqamətində atılmış irəliyə doğru addım kimi alqışlayıb.


NATO-nun baş katibi Jaap Dee Hoop Sheffer jurnalistlərə müsahibəsində bildirib ki, ABŞ-ın raketdən müdafiə sistemi NATO-nun bütün üzv ölkələrini əhatə etməyəcəyinə görə, Alyans bu sistemə əlavə olaraq özünün müdafiə sistemlərini yaratmaq imkanlarını araşdırmağa başlayacaq. Shefferin sözlərinə görə, NATO müdafiə nazirləri 2008-ci ilin fevralında keçiriləcək növbəti görüşdə bu məsələyə bir daha qayıdacaq və alyansa üzv ölkələrin dövlət başçılarının 2008-ci ilin yazında keçiriləcək sammitində yekun qərar qəbul olunacaq. Ancaq NATO-nun baş katibi Putinin təklifinin ABŞ-ın planlarını yarımçıq qoyacağını düşünmədiyini deyib. O, Rusiyanın müdafiə naziri Anatoli Serdyukovla görüşündən sonra bunları deyib.


«Düşünmürəm ki, Putinin Azərbaycandakı radar sistemindən istifadə ilə bağlı böyük səkkizlərin toplantısında verdiyi təklif ABŞ-ın raketdən müdafiə sisteminə dair Polşa və Çexiya ilə aparılan danışıqları əvəz edəcək, ya da buna alternativ olacaq».


NATO nazirləri görüşdə təşkilatın hakerlərin hücumlarından müdafiə imkanlarının gücləndirilməsi barədə Estoniyanın təklifini də geniş müzakirə ediblər.


Bir müddət öncə Estoniya hakerlərin kütləvi hücumlarına məruz qalmışdı. Nəticədə hökumətə və özəl sektora məxsus bir sıra saytlar dağıdılmışdı. Estoniya hökuməti hücumun arxasında Moskvanın dayandığını, bunun da aprel ayında İkinci Dünya Müharibəsinə aid sovet əsgəri abidəsini Tallinnin mərkəzindən köçürülməsinə cavab olaraq qisas tədbiri kimi törədildiyini bildirmişdi. Dünənki müzakirələr nəticəsində alyansın taleyüklü infrastrukturlarının haker hücumlarından müdafiəsini gücləndirilməsi üçün təcili tədbirlə planını nəzərdə tutan bəyanat da qəbul edilib.