Azərbaycanda uşaq və ana ölümü ilə bağlı rəqəmlər açıqlanacaq

Bu ilin sonunda hökumətlə birgə küçə uşaqları arasında sorğu aparılmalıdır

BMT-nin Uşaq Təşkilatı - UNICEF yaxın günlərdə Azərbaycanda ana və uşaq ölümü ilə bağlı rəqəmləri açıqlayacaq. Təşkilat bu ilin əvvəlində hökumət və ABŞ-ın Milli İnkişaf Agentliyi ilə birgə «Demoqrafiya və sağlamlıq» adlı sorğu keçirib. Sorğunun nəticələri əsasında hazırlanmış ilkin hesabat artıq hazırdır. Sənəddə ana və uşaq sağlamlığı ilə yanaşı, uşaqların müdafiəsi, onlarda çəki azlığı, peyvənd və eləcə də təhsillə bağlı göstəricilər yer alacaq.



UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Planlaşdırma və Sosial-Siyasət Proqramının rəhbəri Sirac Mahmudov «Azadlıq» radiosuna bildirib ki, sorğu Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin bütün bölgələrində aparılıb. Sorğu yeddi mindən artıq evdə, səkkiz mindən çox qadın və 2700-ə yaxın kişi arasında aparılıb. Yeri gəlmişkən, ilk dəfədir ki, sorğuda kişilər də iştirak edirlər.



Sonuncu dəfə belə sorğu 2000-ci ildə keçirilmişdi. Amma həmin vaxt hökumət onun nəticələrini şübhə altına almışdı.



UNICEF-dən verilən məlumata görə, bu ilin sonunda hökumətlə birgə küçə uşaqları arasında sorğu aparılmalıdır. Belə bir sorğu çoxdan planlaşdırılsa da, bir neçə dəfə təxirə salınıb.