«Azərbaycan Rusiya və ABŞ-dan ciddi təhlükəsizlik təminatı almalıdır»

Azərbaycan Qəbələ RLS-i 2002-ci ildə 10 il müddətinə ildə 7 milyon dollara Rusiyaya icarəyə verib

Rusiyanın ABŞ-a Azərbaycandakı radiolokasiya stansiyasını (Qəbələ Radiolakasiya Stansiyası) müştərək istifadə etmək təklifi gözlənilməz deyildi. Bu fikri Azərbaycan Avroatlantika Əməkdaşlıq Assosiasiyasının prezidenti, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyir.


«Artıq bir neçə ildir ki, müxtəlif variantlarda bu istiqamətlərdə danışıqlar aparılırdı. ABŞ üç variant təklif edirdi: Birincisi, Qəbələ RLS-in ləğvi, ikincisi Rusiya ilə birgə işlədilməsi, üçüncüsü Birləşmiş Ştatların istifadəsinə verilməsi».


Sülhəddin Əkbər deyir ki, Rusiya Qəbələ RLS-in amerikalılarla birgə istifadə təklifini irəli sürməklə Amerikanın Şərqi Avropadakı planlarından yayındırmağa çalışır.


Bəs radiolakasiya stansiyasının birgə istifadəsi Azərbaycana nə verə bilər sualını ekspert belə cavablandırıb: «RLS-lər strateji qüvvələrin əsas hədəflərindən biridir. Bu halda Azərbaycan ərazisi hədəfə çevrilir. Həm ekoloji cəhətdən, həm də Azərbaycan ərazisinin hədəfə çevrilməsi baxımdan bu ölkənin maraqlarına uyğun deyil».


Ekspert hesab edir ki, Azərbaycan belə bir addım atırsa, Rusiya və Amerikadan ciddi təhlükəsizlik təminatları almalıdır.


Sülhəddin Əkbərin fikrincə, radiolakasiya stansiyasından birgə istifadə Rusiya-İran münasibətlərində gərginliyin yaranması ilə nəticələnə bilər.


Azərbaycan Qəbələ RLS-i 2002-ci ildə 10 il müddətinə ildə 7 milyon dollara Rusiyaya icarəyə verib. Bu stansiya 6 min kilometr məsafədə hava məkanını nəzarətdə saxlayır. Yer kürəsinin cənub yarımkürəsində ballistik raketləri nəzarətdə saxlamaq məqsədilə quraşdırılmış bu stansiya sovet dövründə - 1985-ci ildə istismara verilib.