Praqa konfransı avtoritar ölkələrdə müxalifəti dəstəkləməyə çağırıb

«Demokratiya və təhlükəsizlik» beynəlxalq konfransı, 6 iyun 2007

Praqada «Demokratiya və təhlükəsizlik» beynəlxalq konfransının iştirakçıları dünya ictimaiyyətini avtoritar rejimlərin olduğu ölkələrdə demokratik müxalifəti dəstəkləməyə çağırıb.


İyunun 6-da qəbul olunan yekun «Praqa sənədi»ndə insan haqlarına hörmət etmələri və demokratik islahatlar aparmaları üçün avtoritar rejimlərə diplomatik, iqtisadi və siyasi təzyiq etməyin zəruriliyi bildirilir. Forum iştirakçıları həmçinin bütün dünyada siyasi məhbusları azad etməyə çağırıblar.


«Praqa sənədi»ni Çexiyanın keçmiş prezidenti Vatslav Havel, İspaniyanın sabiq Baş naziri Xose Mariya Asnar və İsrailin keçmiş naziri və sovet dissidenti Natan Şaranski imzalayıblar.


İyunun 5-də konfransda ABŞ prezidenti Corc Buş çıxış edib. O, deyib ki, insan haqlarına riayət beynəlxalq təhlükəsizliyin təminatı üçün əsas şərtdir.