Prezidentin müxalifətlə Qarabağ məsələsini müzakirə edəcəyi deyilir

Lalə Şövkət bildirib ki, müxalifət münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır

ATƏT-in hazırkı sədri ümidvardı ki, dövlət başçısı İlham Əliyev bu yaxınlarda Qarabağ münaqişəsi ilə bağlı müxalifətlə mütləq müzakirə aparacaq. Migel Anhel Moratinosla görüşdə iştirak edən müxalifət liderlərindən «Azadlıq» blokunun həmsədrlərindən biri Lalə Şövkət Hacıyeva belə deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ümummilli məsələdir və bununla bağlı iki tərəfin də-müxalifətin də, iqtidarın da razılaşması olmalıdır.


«İki tərəf də razılaşmasa, onun həlli mümkün deyil. Ona görə ümid var ki, prezident bizimlə məsləhətləşəcək. Ondan sonra hansısa həll variantı müzakirə olunacaq».


Lalə Şövkət bildirib ki, müxalifət münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır və Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsinin əleyhinədir.