«Minsk qrupu həmsədrləri Qarabağ münaqişəsini həll etmək iqtidarında deyil»

Beynəlxalq Böhran Qrupu həmsədrlərin fəaliyyətindən heç nə gözləmir

ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsini həll eləmək iqtidarında deyil. Bu qənaətə Beynəlxalq Böhran Qrupu məcburi köçkünlərin, müxalif partiyaların, hökumət və qeyri-hökumət nümayəndələri ilə görüşəndən sonra gəlib.


İndi qrup Qarabağ münaqişəsi ilə bağlı növbəti hesabatını hazırlayır, sənədi bu yaxınlarda açıqlayacaqlar.


Bu barədə təşkilatın Azərbaycandakı nümayəndəsi Vüqar Qocayev «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişində qonaq olarkən deyib. O, bildirib ki, hesabatda əsasən, İlham Əliyevin prezidentliyi dövründə münaqişənin nizamlanması ilə bağlı görülən işlər analiz edilib. Bununla yanaşı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti təhlil olunub və xarici işlər nazirlərinin müzakirə etdikləri kompromis variantının nə dərəcədə real olduğu araşdırılıb.


Onlar Azərbaycan və Ermənistan ictimaiyyətinin münaqişə ilə bağlı fikirlərini də öyrəniblər.


Vüqar Qocayev deyir ki, hər iki ölkənin vətəndaşları münaqişə ilə bağlı gedən danışıqlardan xəbərsizdirlər.