Jurnalist Rusiya səfirliyinin ona sığınacaq verməyə hazır olduğunu deyir

«Vizasız gediş-gəliş olan ölkələrdə səfirlik vasitəsilə sığınacaq verilmir»

Xarici ölkələrdən sığınacaq istəyən jurnalistlərdən biri «Nota Bene» qəzetinin redaktoru Sərdar Əlibəyli «Azadlıq» radiosuna bildirib ki, Rusiya səfirliyi ona sığınacaq verməyə hazırdır. Amma bunun üçün o, Moskvaya getməlidir. Çünki vizasız gediş-gəliş olan ölkələrdə səfirlik vasitəsilə sığınacaq verilmir. Əlibəyli deyir ki, indiki halda onun Rusiyaya getməsi mümkün deyil, bir il yarım müddətinə azadlıqdan şərti məhrum edildiyindən ölkəni tərk edə bilmir: «Amma mən fikrimdən daşınmamışam».


Rusiyanın Azərbaycandakı səfirliyinin Mətbuat Xidmətindən isə «Azadlıq» radiosuna bu haqda onlarda hər hansı məlumatın olmadığını deyiblər.


Bu arada «Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru, sığınacaq istəyən jurnalistlər adından diplomatik korpusla danışıqlar aparan Üzeyir Cəfərov ABŞ-ın Azərbaycandakı səfirliyinin onlara rədd cavabı verməsilə bağlı məlumatı təkzib edib.



Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik isə bildirir ki, bu, şəxsi məsələ olduğundan mətbuata açıqlama verilmir.