«Son zəng»in Milli Parkda keçirilməsinə məhdudiyyət qoyulub

Bu il Bakı şəhərində orta ümumtəhsil məktəblərinin 28 min məzunu olacaq

Şagirdlərin «son zəng»i Milli Parkda keçirilməsinə məhdudiyyət qoyulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmisi Zəminə Əliqızı deyir ki, buna baxmayaraq onlar şagirdlərin parka axınını istisna etmir. Buna görə də Təhsil İdarəsi təhlükəsizliyi gücləndirmək üçün polisə müraciət edib.


İdarədən verilən məlumata görə, mayın 31-də «son zəng»lə bağlı bütün orta məktəblərə tədbirlərin sakit keçirilməsi ilə bağlı göstəriş verilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, «son zəng» tədbiri kütləvi olmadığından, təhlükəsizliyə hər rayonun öz polisi nəzarət edəcək. Bakıda polis gücləndirilmiş iş rejimində işləməyəcək.


Bu il Bakı məktəblərinin 28 min məzunu olacaq.