ABŞ səfirliyi qəzetlərin bağlanmasından narahat olduğunu bildirib

«Realnıy Azerbaydjan» və Gündəlik Azərbaycan qəzetlərinin ofisi möhürlənib

ABŞ səfirliyi mayın 20-də «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin ofisinin bağlanması qərarı ilə bağlı dərin narahatlıq keçirir. Sənəddə deyilir: «Biz narahatıq ki, son aylar jurnalistlərə qarşı zorakılıq, hədə, böhtan məhkəmələri və həbslər daxil olmaqla, yer alan silsilə hadisələrin ardınca, bu iki mühüm mətbuat orqanının bağlanması Azərbaycanın mətbuat azadlığı sahəsində bəyan etdiyi öhdəliklərə zidd təmayülün davamıdır».


Sənəddə Azərbaycanının Avropa Şurası və ATƏT üzvü kimi demokratik islahatlar sahəsində öz üzərinə bir sıra öhdəliklər götürdüyü vurğulanır.


«Biz Azərbaycan hökumətini təkidlə çağırırıq ki, «Realnıy Azerbaydjan» və Gündəlik Azərbaycan qəzetlərinin öz fəaliyyətini bərpa etməsinə imkan vermək üçün dərhal addımlar atsın və bütün mətbuatın demokratik prosesdəki mühüm rolunu yerinə yetirməkdən ötrü vacib olan şəraitə dəstək versin».


Mayın 20-də Fövqəladə Hallar Nazirliyi «Realnıy Azerbaydjan» və Gündəlik Azərbaycan qəzetlərinin ofisini möhürləyib.