İran Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin öz ərazisində tikintisini dayandırıb

«Rusiya-Qazaxıstan-Türkmənistanın razılaşdırdığı dəmiryol layihəsi Şimal-Cənub beynəlxalq layihəsinə alternativdir. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsində müəyyən müddət problemlər yaranmışdı. Problem də odur ki, İran tikintini dayandırıb və onu davam etdirməməyini ölkə daxilindəki problemlərlə əlaqələndirir. Hər halda Azərbaycan üzərindən keçən dəhliz iqtisadi cəhətdən daha səmərəli olduğuna görə, sözsüz ki, biz bu layihəni davam etdirəcəyik». Bunu Nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.


Musa Pənahov eyni zamanda qeyd edib ki, layihə ilə bağlı İran tərəfi ilə danışıqlar may ayının əvvəlində keçirilməli idi. Hazırda növbəti görüşün vaxtı dəqiqləşdirilir.


Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, Hindistan və İran arasında 2000-ci ildə bağlanıb. Azərbaycan da bu layihəyə 2005-ci ildən qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistan və Omandan dəniz vasitəsilə, daha sonra İran, Xəzər regionu, Rusiya və əks istiqamətdə yaradılacaq nəqliyyat-kommunikasiya magistrallarının cəmidir.