Jurnalistlər peşə bayramlarını Fəxri Xiyabanda qeyd ediblər

Aksiyadan sonra Nəcəf Nəcəfovun və Elmar Hüseynovun məzarları ziyarət olunub

Mayın 3-ü Beynəlxalq Mətbuat Günü münasibətilə bir qrup jurnalist ikinci Fəxri Xiyabanın qarşısında mitinq keçirib. «Qanun» jurnalının redaktoru Şahbaz Xuduğolu aksiyanın məhz burada keçirilməsinin təsadüfü olmadığını deyib. İki il öncə qətlə yetirilmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov ikinci Fəxri Xiyabanda dəfn olunub.


Şahbaz Xuduoğlu deyib ki, Elmar Hüseynovun qətlindən sonra hakimiyyətin mediaya təzyiqləri daha da artıb. Hazırda 5 jurnalist həbsdədir, bir neçə media mənsubu isə fiziki təzyiqlərə məruz qalıb. Ancaq Azərbaycan hakimiyyəti təqsirkarları bu vaxta kimi cəzalandırmayıb.


«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu mətbuata təzyiq göstərməklə iqtidarın Azərbaycanın beynəlxalq imicinə də zərbə vurduğunu dedi.


Mitinqin sonunda qəbul olunmuş qətnamədə bildirilir ki, həbsdə olan jurnalistlər azadlığa buraxılmalı, «Diffamasiya haqqında» qanun qəbul edilməli, qəzetlər barəsində cərimə hökmü çıxarılmış məhkəmə işlərinə yenidən baxılmalıdır.


Aksiyadan sonra jurnalistlər «Azadlıq» qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfovun və «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun məzarlarını ziyarət ediblər.