Məmur olmaq istəyənlər şənbə günü imtahan verəcək

Test imtahanında mümkün baldan ən azı 80 faizini toplamış namizəd növbəti mərhələyə buraxılacaq

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə aprelin 28-də Azərbaycan Texniki Universitetində dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçirəcək.


Komissiyadan «Trend»ə verilən məlumata görə, 15 dövlət orqanında mövcud olan 189 vakant dövlət qulluğu vəzifəsinin tutulması üzrə müsabiqədə iştirak etmək üçün 930 namizəd qeydiyyatdan keçib.


İmtahanda namizədlərin peşə ixtisas biliklərinə, Konstitusiya və dövlət qulluğu qanunvericiliyinə aid 70, məntiqi düşünmə qabliyyətini yoxlayan 20 və kompüter biliklərinə dair 10 sual daxil olmaqla 100 sual təqdim olunacaq. İmtahanda iştirak edən namizədlərin 735-i kişi, 195-i qadınlardır.


Test imtahanında mümkün baldan ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş sayılır və söhbətə buraxılır.


Söhbət namizədin dövlət qulluqçusu üçün zəruri olan keyfiyyətlərini müəyyən etmə məqsədi daşıyır. Söhbətin nəticələri balla qiymətləndirilir.