Əli Əhmədovun nümayəndəsinin vəsatəti təmin edilmədi

Apellyasiya şikayətinə baxılandan sonra məhkəmənin vaxtı dəqiqləşəcək

Aprelin 24-də Səbail Rayon Məhkəməsi keçmiş səhiyyə Naziri Əli İnsanovun Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədova qarşı qaldırdığı iddianı müzakirə edib. Əli Əhmədovun nümayəndəsi vəsatət verərək iddiaya Yasamal Rayon Məhkəməsində baxılmasını istəyib. O, bunu Əli Əhmədovun həmin rayonda qeydiyyatda olması ilə izah edib.


Hakim vəsatəti qəbul etməyib və iddiaya Səbail Rayon Məhkəməsində baxılması üçün qərardad qəbul edib. 5 gün ərzində qarşı tərəf bu qərardaddan apellyasiya şikayəti verə bilər. Bundan sonra məhkəmənin keçirilmə gününə və yerinə dəqiq aydınlıq gətiriləcək. Əli İnsanovun iddiasına səbəb Əli Əhmədovun «Azərbaycan» qəzetində onunla bağlı dərc edilən fikirləri olub. Şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən keçmiş nazir Əli Əhmədova qarşı həmçinin xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını istəyir.