Aprelin 16-dan borclu abonentlərə qaz verilməyəcək

Daha çox borcu olanlar dövlət məmurları və imkanlı adamlardır

Aprelin 16-dan «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti borclu abonentlərə qaz verməyəcək.

Bunu «Azadlıq» radiosuna «Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı deyib.


«Borcun miqdarı əsas deyil. 3 manat da, 5 manat da, 50 manat da olsa, abonentlərin hamısının qazı kəsiləcək».


Kamandar Eyvazlı deyir ki, mart ayında ölkə üzrə 44 faiz qaz pulu yığılıb. Yalnız bir rayonda - Bakının Nizami rayonunda ödəmə 100 faiz yerinə yetirilib. Ən ciddi problem isə Əzizbəyov rayonundadır. Burada cəmi 11 faiz qaz pulu yığılıb.


Cənab Eyvazlı deyir ki, sənaye müəssisələri ilə heç bir problem yoxdur. Ən ciddi problem əhali ilə bağlıdır. Daha çox borcu olanlar isə dövlət məmurları və imkanlı adamlardır:


«Kasıb adamlar hamısı ödəyir. Pul ödəməyən dövlət məmurları və imkanlı adamlardır. Mən bunu çəkinmədən deyirəm, kiminki imkanı var, bağı, villası var, o, pulu ödəmir».


Kamandar Eyvazlı deyir ki, son ayda iki minə yaxın abonentə qarşı məhkəmə iddiası qaldırıblar. Onlardan 1600-ə yaxını borcunu ödəyib.