«Gündəlik Azərbaycan» və «Realnıy Azərbaycan» qəzetləri cərimələndi

Eynulla Fətullayevin vəkili məhkəmə qərarından apellyasiya şikayəti edəcəklərini bildirib

Aprelin 6-da Yasamal Rayon Məhkəməsində Tatyana Çaladzenin «Gündəlik Azərbaycan» və «Realnıy Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirmə iddiası ilə keçirilən məhkəmə prosesində qərar çıxarılıb. Qərara əsasən adə çəkilən qəzetlər 20 min manat cərimə olunub. Məhkəmədə cavabdeh tərəfdən nümayəndə iştirak etməyib. Eynulla Fətullayevin vəkili İsaxan Aşurov bunu məhkəmə prosesi zamanı cavabdeh tərəfin təhlükəsizliyinin təmin olunmaması ilə izah edib.


Məhkəmə Eynulla Fətullayevin «Gündəlik Azərbaycan» qəzetində dərc olunan «Qarabağ gündəliyi» adlı məqaləsində Xocalı sakinlərinin şərəf və ləyaqətinə toxunulması iddiası əsasında keçirilib. Aprelin 5-də olan proses zamanı özlərini Xocalı sakinləri kimi təqdim edən bir qrup şəxs məhkəmənin binası qarşısında etirazlarını bildiriblər.


Eynulla Fətullayevin vəkili İsaxan Aşurov məhkəmənin çıxardığı qərarla razılaşmadıqlarını və qərardan apellyasiya məhkəməsinə şikayət edəcəklərini bildirib.