Bayram axşamı partlayıcı bir nəfərin həyatına son qoydu

Partlayıcı oyuncağın bayram tonqalında partlaması bir nəfərin həyatına son qoydu

Naxçıvan Muxtar Respublikasında (MR) gizli satılan standartlardan kənar partlayıcı oyuncaqların martın 20-də bayram axşamı tonqalda partladılması nəticəsində bir nəfər 17 yaşlı şəxs dünyasını dəyişib.


Kəngərli rayon sakini 1995-ci il təvəllüdlü Xanım Məmmədova isə bədənindən və gözündən ciddi xəsarət alıb. Rayon polisdən verilən məlumata görə, onun vəziyyəti ağır olduğundan Bakıya aparılıb.


Naxçıvan şəhər sakini 6 yaşlı Həsənov Vüqarın sağ əlində partlayıcı oyuncaq partladığından onun 3 barmağı kəsilib. Oxşar halların bir çox yerlərdə baş verdiyi xəbər verilir.


Muxtar Respublika Fövqəladə Hallar Nazirliyindən «Azadlıq» radiosuna bildiriblər ki, Şərur rayonunun Kürdçülük kəndində də ağır yanğın hadisəsi baş verib. Yanğına səbəb tonqalın ot tayasının yanında yandırılması olub. Evə ciddi xəsarət dəysə də, sakinlərdən zərərçəkən yoxdur.


Bir neçə gün bundan əvvəl Naxçıvan polisi dükan və bazarlarda partlayıcı oyuncaqların yığılması ilə bağlı reydlər keçirib. Bayram axşamı isə MR-in yanğından mühafizə xidməti gücləndirilmiş iş rejimində işləyib.