İşləyən qadınların sayı rekord həddə çatıb

Bütövlükdə dünyadakı işçi qüvvəsinin təxminən 40 faizini qadınlar təşkil edir

Hazırda dünyada rekord sayda qadınlar işləyir. Ancaq, onlara kişilər qədər maaş verilmir, qadınlar kişilər qədər təhsil ala bilmir. Həmçinin kişilərdən daha çox işdən çıxarılma təhlükəsiylə də qadınlar üzləşirlər. Bu fikirlər 8 Mart-Beynəlxalq Qadınlar günü ilə bağlı Beynəlxalq Əmək Təşkilatının dünyada qadınların vəziyyətinə dair hesabatında yer alıb.


Hesabatda deyilir ki, işləyən qadınların sayı keçən il dünyada rekord həddə-1 milyard 200 milyon nəfərə çatıb. Bu, bütövlükdə dünyadakı işçi qüvvəsinin təxminən 40 faizi həcmindədir.


Bu hesabatın müəlliflərindən biri olan Doroti Şmit deyir ki, dünyanın bir çox yerlərində qadınlar üçün iş şəraiti kişilərlə müqayisədə çox pisdir: «Səbəb də təkcə o deyil ki, onlar eyni işi görüb, daha az maaş alırlar. Əsas səbəb odur ki, qadınlar işləyib birbaşa maaş almırlar. Onlar bir qayda olaraq ailənin pulsuz işləyən üzvləridir». Hesabatda tövsiyə olunur ki, qadınlar üçün daha yaxşı iş imkanları yaradılmalıdır.