10-a yaxın dövlət orqanında 80-dək vakant vəzifə üçün müsabiqə elan edilib

Komissiya sədri vakant yerlərə sənəd verənlərin sayının gözlənildiyindən az olduğunu deyir

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 10-a yaxın dövlət orqanında 80-dək vakant vəzifənin tutulması üçün müsabiqə elan edib. Komissiyanın sədri Bəhram Xəlilov martın 6-da keçirilən mətbuat konfransında bu barədə məlumat verib. O, bildirib ki, müsabiqə dövlət qulluğunda inzibati vəzifələrin 6-9-cu təsnifatları üzrə elan olunub.

«Trend» xəbər verir ki, vakant yerlərə sənəd verənlərin sayının gözlənildiyindən də az olduğunu vurğulayan komissiya sədri bunun səbəbini vətəndaşların dövlət qulluğuna obyektiv və şəffaf əsaslarla qəbul olunmaq inamının olmaması ilə əlaqələndirib. Müsabiqənin birinci-imtahan mərhələsində namizədlər 100 suala cavab verəcəklər. Həmin suallardan 20-si məntiqi təfəkkürə, 10-u kompüter biliklərinə, 30-u komissiya tərəfindən hazırlanmış dövlət qulluğu və konstitusiyaya, 40-ı isə ixtisasa aiddir. İkinci-müsahibə mərhələsi zamanı isə namizədlərin şəxsi keyfiyyətləri qiymətləndiriləcək.


Təqdim olunmuş sənədlər Komissiya tərəfindən yoxlanıldıqdan sonra namizədlər imtahanın ilk mərhələsinə buraxılacaqlar. İmtahanların nəticələrinə görə müvafiq balı toplayan namizəd müsahibə mərhələsində iştirak etmək imkanı əldə edəcək.