Akif Muradverdiyevin apellyasiya şikayəti təmin edilməyib

Akif Muradverdiyev 2005-ci ilin oktyabrında həbs edilib

Martın 5-də Apellyasiya Məhkəməsi Prezident Aparatı İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev barəsində məhkəmə hökmünü qüvvədə saxlayıb.


Cənab Muradverdiyevin vəkili Rəşad Mirmehdizadə «Azadlıq» radiosuna bildirib ki, Apellyasiya Məhkəməsinin qərarı üç gün ərzində onlara verilməlidir. Həmin qərarı alan kimi Ali Məhkəməyə kasasiya şikayəti verəcəklər.


Prezident Aparatı İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. A.Muradverdiyev külli miqdarda dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, hakimiyyəti zorla ələ keçirməyə cəhddə və bir sıra başqa məsələlərdə ittiham olunur.