Nazirlərin növbəti görüşü martın ortalarında ola bilər

Nazirlər sonuncu dəfə bu il yanvarın 23-də Moskvada görüşüblər

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşü martın ortalarında baş tuta bilər. Ermənistanın www.panARMENIAN.net saytının yazdığına görə, bunu fevralın 26-da Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda həmsədrlərlə görüşün vaxtı və yeri barədə məsləhətləşmələr aparılır. O, Elmar Məmmədyarovla görüşün bütün hallarda Avropa şəhərlərindən birində olacağını bildirib.


Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Vartan Oskanyan sonuncu dəfə bu il yanvarın 23-də Moskvada görüşüblər. Bundan sonra Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakı, Yerevan və Xankəndində olub, müzakirələr aparıblar.